EY İlin İş Adamı 2023 müsabiqəsinin iştirakçıları

Qaliblərin adı mükafatlandırma mərasimində açıqlanmışdır.

Qalib

Seymur Məmmədov mobil operatorlara və banklara İT həlləri təqdim edən Simbrella şirkətinin baş direktoru və təsisçisidir. Şirkətin Hollandiya və Sinqapurda filialları mövcuddur. Hazırda Simbrella Azərbaycanla yanaşı Myanmada, Cənubi Amerikanın 2, Afrikanın 20-dən çox ölkəsində olan müştərilərinə öz xidmətlərini göstərir. Seymurun böyük uğuru şirkətin 2005-ci ildə mobil operatorlar üçün təqdim etdiyi “Sim-Kredit” məhsulu ilə başladı. Bu xidmət dünyada ilk dəfə idi ki, abonentlərə təqdim olunmuşdur. Seymurun şirkəti həmçinin bir sıra Afrika ölkəsində banklar üçün bank xidmətindən istifadə edə bilməyən əhalinin aztəmanatlı təbəqəsinə mikro-kreditlərin verilməsi ilə bağlı həllər hazırlayıb. Onun digər məhsulu “Data as a Service” həlli kimi tanınır. O, müştərilərə böyük həcmli mürəkkəb məlumat bazalarını təhlil edərək, xidmət keyfiyyətini qaldırmaq və müxtəlif məqsədlər üçün yeni xidmət növlərini yaratmaq imkanı verir.

Seymur Mammadov
Gözəllik və balans pul qazanma prosesini zövqlü edən əsas amillərdir.

İnnovasiya nominasiyası

Baba Ağayev “Pickvisa” şirkətinin təsisçisi və baş direktorudur. Şirkət fərqli ölkə vətəndaşlarına 100-dən artıq ölkəyə rahat səyahət etmələri üçün elektron viza xidmətləri təklif edir. Məhsul 2022-ci ildə dünyanın 141 ölkə vətəndaşı tərəfindən istifadə edilib. “Pickvisa” portalının bir sıra unikal elektron həlləri vardır ki, istifadəçilərin lazımi səyahət icazələrini almasına minimum vaxt və pul sərf etmələrini təmin edir. İstifadəçi rahatlığı üçün “Pickvisa”da ödənişlər kriptovalyuta vasitəsilə də mümkündür. 2021-ci ildə “Pickvisa” "Dubai Chamber" və "Entrepreneur.com" dərgisi tərəfindən Yaxın Şərq və Şimali Afrika regionunda "İlin Elektron Səyahət Şirkəti" seçilib. Məhsul həm də qlobalda etibarlı rəy platformalarından sayılan “TrustPilot”da elektron viza həlləri üzrə ən yuxarı reytinqə sahib olan şirkətlərdən biridir.

Baba Aghayev
Komandanın maaş daxil istənilən qazancı direktorlar tərəfindən deyil, müştərilər tərəfindən ödənilir. Bu sadə prinsipi komanda qəbul etdikdə, mükəmməl müştəri xidmətləri göstərilir.

Sosial təsir nominasiyası

Zaur Darabzadə Azərbaycanın ən böyük və innovativ kinoteatrlar şəbəkəsi olan “CinemaPlus”un Müşahidə Şurasının sədridir. Artıq 10 il fəaliyyət göstərən “CinemaPlus” şəbəkəsinin 10 kinoteatrında eyni anda 5 mindən çox tamaşaçı qəbul edə bilən 60-dan çox zalı vardır. İl ərzində “CinemaPlus” kinoteatrlar şəbəkəsində 1 milyondan çox tamaşaçı film izləyir. Ölkəmizdəki kinoteatrlar arasında yalnız “CinemaPlus” təkcə Bakıda deyil, Gəncə,Sumqayıt və Naxçıvan kimi iri şəhərlərdə də fəaliyyət göstərir. Şamaxı şəhərində isə Azərbaycanda ilk dəfə olaraq “Open Air Cinema”da filmlər nümayiş olunur. “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrı Azərbaycanda ən yeni 4DX Cinema texnologiyası ilə fəaliyyətə başlayıb. Həmçinin, kinoteatrda "Skybox" zonaları, eləcə də xüsusi premium oturacaqlar və masalar ilə təchiz olunmuş "VIP Diamond" zalları var. Fiziki məhdudiyyətləri olan insanları nəzərə alaraq bütün zalların girişindəki pilləkanlər pandus ilə əvəz edilib. Zaurun əsas məqsədi odur ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində bütün yeni filmlər dünya premyerası günü nümayiş olunsun. Yaxın gələcəkdə Azərbaycanın müxtəlif bölgələrində yeni kinoteatrlar açmaq planlaşdırılır.

Zaur Darabzade
Fürsətlər özü özündən yaranmır. Onları yaradan bizik.

Regional inkişaf nominasiyası

Fuad Seyidəliyev Azərbaycanda ən tanınan şərab istehsalçılarından biri olan “Savalan ASPI Winery” nin rəhbəridir. Şirkətin öz şərab zavodu fəaliyyət göstərir. Bu zavodda şərabın şəkəri, turşuluğu və digər parametrlərini ölçə bilən müasir laboratoriya mövcuddur. Bu gün şirkətin beynəlxalq şərabçılıq komandası İtaliya və Azərbaycan təcrübələrini birləşdirərək 20-yə yaxın müxtəlif içkilər istehsal edir. Bütün reseptlər zavodda işləyən şərabçılara məxsusdur. “Savalan” şərabları “Mişlen” bələdçisində qeyd olunan 100-dən artıq məşhur Fransa, Hollandiya, Belçika, Böyük Britaniya, Türkiyə, Rusiya və s. restoranların menyusunda yer tutub. Bu şərablar hər il müxtəlif sərgilərdə çoxsaylı medallar alır. Fuad Səyidəliyevin əsas məqsədi Azərbaycan şərabını bütün dünyada tanıtmaqdır.

Fuad Seyidaliyev
Mümkündürsə işini daha yaxşı icra et. Bu da hər zaman mümkündür.

Nəzrin Sadıxova Spektr Medical Group-un daxilində olan Bakı, Gəncə və Şəmkirdə yerləşən klinikalara rəhbərlik edir. Klinikalarda peşəkar həkim heyəti yüksək səviyyəli tibbi xidmət göstərir. Bölgələrdə tibb xidmətlərinin inkişafı məqsədi ilə yerli kadrların işə cəlb olunmasına xüsusi diqqət ayrılır. Nəzrin xanım biznes aləmində işgüzar əlaqələrin inkişafı məqsədi ilə “Azərbaycan İş Adamlarının Qlobal Assosiasiyası”nı (GABA) təsis edib. O, həmçinin, biznes icmasının iştirakı ilə müxtəlif xeyriyyə layihələri həyəta keçirir.

Nazrin Sadikhova
Üzünüzü hər zaman günəşə tərəf tutun.

Ramil Rzayev Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərən, turizm sahəsində aparıcı şirkətlərdən biri olan “Baku Holiday Travel” şirkətinin təsisçisi və baş direktorudur. O, həmçinin ölkədə turizm xidmətlərinin keyfiyyətinin artırılması üçün nəzərdə tutulmuş "Baku Holiday Academy"nin təsisçisidir. Ramil şirkəti üçün etibarlı tərəfdaş reputasiyası yaratmaqda müvəffəq olub və hazırda onun şirkəti IATA tərəfindən akkreditə olunmuş turizm agenti statusuna malikdir. Bu öz növbəsində "Baku Holiday Travel"in qlobal turizm şəbəkəsinə çıxışını təmin edir. Ramil ölkəyə gələn xarici turistlərin sayını artırmaqla ölkə iqtisadiyyatına müsbət təsir göstərmək hədəfi qarşısına qoyub. Odur ki, inkişaf etmiş ölkələrdən turistlərin cəlb edilməsinə xüsusi diqqət yetirir. Ramil səyahəti daha əlçatan və sərfəli etmək üçün bir sıra çarter reyslərinin açılması imkanını reallaşdırmağa hazırlaşır.

Ramil Rzayev
10 il öncə iş qurmaq üçün ilk addım atanda ətrafımda hamı deyirdi: "Bazarda çox böyük şirkətlər var, başqa sahəni seç". İndi həmin böyük şirkətlər deyir: "BHT çox güclü turizm şirkətidir".

Nahid Cabbarov “Crispa” və “Labulab” brendləri altında sağlam çərəzlər istehsal edən “Crispa Snacks” şirkətinin təsisçisi və icraçı direktorudur. Məhsul çeşidinə quru alma, xurma, əncir, çiyələk, armud çipsləri, həmçinin noxud, qarğıdalı və yerfıstığı daxildir. “Crispa” sağlam həyat tərzi sürən, idmanla məşğul olan və xüsusi pəhriz saxlayan insanların sağlam qidalanma vərdişlərinə olan tələbatını ödəyir. Nahid yerli satışla yanaşı məhsulların ixracı ilə də məşğuldur. Xarici bazarlarda rəqabət apararkən daha da güclənmək məqsədi ilə eyni seqmentdə olan iş adamlarına öz məsləhətlərini verir. Nahid ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. Almaların cəmi 60%-i çips hazırlanmasında istifadə olunduğundan, xammalın israfına yol verməmək üçün almanın qalan 40%-dan təzə alma şirəsi, alma sirkəsi və bəhməzi istehsal edilir. Alma toxumlarından alınan yağ kosmetologiyada istifadə oluna bilər.

Nahid Jabbarov
Gördüyün işləri qısa və sadə et.

Afa Həsənova Azərbaycanda işə qəbul və iş axtarışı üçün ən etibarlı və tanınan şirkətlərdən biri olan “IRES”in həmtəsisçisidir. “IRES” minlərlə insana onlara uyğun olan işi tapmaqda kömək edir, eyni zamanda şirkətlərə düzgün namizədləri təqdim edə bilir. 2006-cı ildə “IRES” yeni vakansiyaların yerləşdirilməsi üçün “JobSearch” veb-saytını istifadəyə verdi. Tezliklə o, insanlar tərəfindən iş axtarışında istifadə olunan ən məşhur işə götürmə resurslardan birinə çevrildi. “JobSearch” saytının abunəçiləri siyahısına minlərlə müştəri və iş axtaranlar daxildir. “IRES”in müştəriləri sırasına müxtəlif sahələrdən beynəlxalq və yerli şirkətlər, dövlət və maliyyə institutları, qeyri-kommersiya təşkilatları, orta və kiçik bizneslər daxildir.

Afa Hasanova
Dürüstlük və səmimiyyət vasitəsilə inam yaradırıq.

İlham Hacıyev logistika sahəsinin bütün seqmentlərində geniş təcrübəyə malik olan “Lignum Logistic” şirkətinin sahibidir. Şirkət dəniz, quru və hava nəqliyyatı ilə yük daşımalarını həyata keçirir. “Lignum Logistic”in Azərbaycan və Gürcüstanda ofisləri mövcuddur və hazırda o, 20-dən çox ölkəyə Azərbaycan mallarının ixracını təmin edir. “Lignum Logistic” fəaliyyətində müştərilərinə fərdi yanaşmanı əsas tutur. Şirkət yüklərin hərəkəti barədə bildirişləri müştərilərə vaxtı vaxtında ötürür, belə ki, onlar yüklərini daim izləməklə vaxtlarını itirmirlər. İlham müxtəlif ölkələrdə tərəfdaşlıqlar qurmaqla Azərbaycanın Şərqlə Qərb arasında qovşaq kimi mövqeyindən yararlana bildi. Bu, ona Azərbaycana ixrac və idxal edilən yüklərin daşınması ilə yanaşı, həm də Vyetnam-Hollandiya, Koreya-Tacikistan, İtaliya-Türkiyə və s. kimi uzaq istiqamətlər arasında yüklərin daşınmasını təşkil etməyə kömək edir.

Ilham Hajiyev
Bizimlə inkişaf edin!

Rübabə Mürşüdova 2011-ci ildə yaradılmış qazma-partlayış xidmətləri göstərən "Qranit QP"nin təsisçilərindən biri və eyni zamanda direktorudur. O, Azərbaycanın yeraltı və yerüstü dağ-mədən sahəsində qazma-partlayış işlərinə rəhbərlik etmə hüququna və bu sahədə 30 ildən artıq təcrübəyə malik yeganə qadın sahibkardır. Onun şirkəti Azərbaycanın işğaldan azad olunan ərazilərində ilk gündən etibarən bir sıra Azərbaycan və Türkiyə şirkətləri ilə əməkdaşlıq edərək Zəfər yolu,  Füzuli Beynəlxalq Hava Limanı, Horadiz-Ağbənd dəmir yolu, Laçın Beynəlxalq Hava Limanı və s. layihələrində iştirak edir, yol infrastrukturu üçün sülhməramlı qazma-partlayış xidmətləri göstərib, yolların, tunellerin çəkilməsində yekə dağ massivlərinin kiçik parçalara ayırmaqla yol çəkilişinə yararlı vəziyyətə gətirib çıxarır. "Qranit QP" bəzi partlayış materiallarının öz layihələrində istifadə etmək məqsədi ilə istehsal edilməsi üçün Azərbaycanda ilk mini fabrikin yaradılması layihəsini işləyib. Onun gələcəyə dair əsas strategiyası bu sahə üzrə yeni iş yerlərinin yaradılması, dağ-mədən sahəsinə qadın mütəxəssislərinin cəlb olunması və yeni texnologiyaların daha çox tətbiq olunmasıdır.

Rubaba Murshudova
Kiçik addımların gücünə inanın. Onlar sizə hər gün qələbələr yaşadaraq uğurlu nəticələrə gətirib çıxaracaq.

Rafiq Hunaltay 2013-cü ildən biznes tədbirləri və təlimləri təşkil edən “Facemark” şirkətinin təsisçisidir. “Facemark”ın əsas məqsədi insanların öz bilik və təcrübələrini bölüşə biləcəyi müzakirə platformasını yaratmaq idi. “Facemark” insanları maarifləndirmək hədəfi qoyur və insanlar dünyanın hər bir yerindən istənilən tədbirlərə qoşularaq onlardan faydalana bilərlər. İndiyədək fərqli istiqamətdə 30-dan çox biznes tədbirləri təşkil edilib. “Facemark”ın öz biznes xəbərləri saytı mövcuddur. Eyni zamanda o, həm yerli, həm də beynəlxalq tədbirlərin media tərəfdaşı kimi çıxış edir. Rafiq həm də 2017-ci ildən etibarən 90-dan çox şirkətlə əməkdaşlıq edən “Fil Agency” marketinq şirkətinin təsisçisi və baş direktorudur. Agentlik biznes proseslərinin optimallaşdırılması, idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi, 360 dərəcə marketinq xidmətlərini uğurla həyata keçirir. “Fil Agency”nin əsas diqqəti sosial media və rəqəmsal marketinqdir. Rafiq Azərbaycanda ilk praktiki marketinq təlimi proqramı olan “Marketing AIR” və 3000-dən çox məzunu olan ən böyük təlim şirkətlərindən biri olan “Biznes İdarəetmə Məktəbi”nin həmtəsisçisidir. Rafiq 4 kitabdan ibarət “Bu günün marketinqi” seriyasını buraxıb. Burada son 10 ildə Azərbaycanda biznesə dair yazı yazan əksər müəlliflərin məqalələri yer alıb. Həmçinin, Rafiq böhran menecmentinə dair “Böhrandan yeni dövrə” adlı kitabın müəllifidir.

Rafig Hunaltay
Uğur hər şeyin ən gözəl cavabıdır.

Elqar Bağırov “Times Consulting” şirkətinin təsisçisi və direktorudur. Bu reklam şirkəti məhsulun texniki dizaynı, onun hazırlanması, açıq hava və rəqəmsal reklamı, TV və radio yerləşdirmələri və s. daxil olmaqla 360 dərəcə marketinq xidmətlərini təklif edir. Son illər şirkət daha çox iç və çöl məkanlarda innovativ reklam operatoruna çevrilmiş, bu sahədə bir çox yeniliklərə imza atmışdır. İnnovativ yanaşma prinsiplərinə sadiq qalaraq öz müştəriləri üçün, reklam ismarıclarını geniş kütləyə (ayda toplam 25-30 milyon dəfə) səmərəli şəkildə çatdırmaq imkanını yaratmışdır. Elqarın sözlərinə görə, o, trendləri izləməkdənsə, əksinə onları yaratmağa üstünlük verir. Cari il üçün başlıca məqsəd Azərbaycan markası olan “Times Consulting”-i regional bazarlara çıxarmaqdır.

Elgar Bagirov
Xəyal et. Nail ol. Uduz. Öyrən. Uğur qazan. Təkrarla.

Elçin Babayev “Bakı Tekstil Fabriki”nin (“BTF”) baş direktorudur. Şirkət hal-hazırda 6 istehsal xətti üzrə 5000-dən çox geniş çeşidli trikotaj məmulatları, o cümlədən xüsusi təyinatlı geyimlər, promo, məktəb, tibbi, idman geyimləri, alt paltarları, corablar və s. istehsal edir. 2020-ci ildə “BTF” “Betex” adlı bir şirkət təsis edərək “Defacto”, “LC Waikiki” və “Polo Club” kimi məşhur brendlər üçün istehsal etdiyi məhsulu ixrac etməyə başlayıb. Yaxın zamanda Elçin “mass market” brendlərinin diqqətini Azərbaycana cəlb etmək və onlara təkcə xammal deyil, həm də hazır məhsul satmaq planlaşdırır. “BTF” şirkətin adını qlobal təchizatçılar siyahısına daxil etməyə imkan verən “Sedex” sertifikatına malikdir. Beləliklə, dünyanın istənilən yerindən olan müştərilər sifarişləri üçün “BTF”ə müraciət edə bilərlər. “BTF” ən azı 3 tanınmış brendi istehsal etməklə dünyanın aparıcı tekstil şirkətlərindən birinə çevrilməsini hədəf qoyur.

Elchin Babayev
Lokal düşün, qlobal hərəkət et.

EY İlin İş Adamı müsabiqəsi liderlik və uğur nümayiş etdirən şəxslər və şirkətlərin sahibkarlıq nailiyyətlərini üzə çıxarır.


Suallarınızı bizə ünvanlandırın