Geri qayıt: EY İlin İş Adamı müsabiqəsi Azərbaycanda

EY İlin İş Adamı 2022 müsabiqəsinin iştirakçıları

Qaliblərin adı mükafatlandırma mərasimində açıqlanmışdır.


Qalib, Sosial təsir nominasiyası

"ZIRA Natural & Gourmet" bazarın premium və lüks seqmenlərini təmsil etməklə, mürəbbələr, cemlər, souslar və tərəvəz qəlyanaltıları istehsal edən milli brenddir. "ZIRA"nın əsas konsepsiyası ölkənin zəngin kənd təsərrüfatı və qastronomiya ənənələrini nümayiş etdirən yüksək keyfiyyətli məhsulları istehsal etmək və Azərbaycanı dünya arenasında premium qida sektorunda layiqincə tanıtmaqdır. Məhsullara dair əsas tələb xammalın təbii yolla yetişdirilməsidir. Məhz buna görə, bütün inqrediyentlər kimyəvi maddələr istifadə etməyən kiçik yerli fermerlərdən tədarük edilir. Şirkət öz məhsullarını xarici ölkələrə, əsasən Rusiya, Qazaxıstan, Belarus və Ukraynaya, habelə Azərbaycan məhsulları üçün qeyri-ənənəvi Yaponiya və ABŞ kimi bazarlara ixrac edir.

Afət Əhmədova
Heç vaxt təslim olma.

Ən yaxşı müştəri həlli nominasiyası

2017-ci ildə təsis edilmiş "YIĞIM Ödəniş Sistemi" şirkətlərə yüksək texnologiyalı ödəniş həlləri təklif edir. Sahibkarlara bir qoşulma ilə qısa zamanda çox saylı ödəmə kanalları üzərindən (Nağd Ödəniş terminalları, Mobile Banking tətbiqləri, elektron pul kisələri) ödənişləri toplamaq imkanı yaradır. Brend eyni zamanda prosessinq xidməti kimi də fəaliyyət göstərir. Şirkətlərə saytlarında və mobil tətbiqlərində bank kartları ilə ödənişlərin qəbulu üçün geniş funksiyalı həllər təklif edir. "YIĞIM Ödəniş Sistemi" kart məlumatlarını yadda saxlamağa və emal etməyə imkan verən "PCI DSS Level 1" sertifikatına malikdir. İstifadə edilən proqram təminatı tam olaraq "YIĞIM" brendinə məxsusdur. Eksklüziv həllər, çeviklik və peşəkar yanaşma 200-dən çox şirkətin nağd və nağdsız ödənişlərini "YIĞIM Ödəniş Sistemi"nə etibar etməsinə səbəb olub. Onların sırasında "Wolt", "Bolt", "Maxim" kimi beynəlxalq şirkətlər, "Absheron Group", "PMD Hospitality" otelləri, "189", "Optimal Electronics", "Music Gallery" kimi tanınmış brendlər mövcuddur. Göstərilən xidmətlər təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə unikal sayıla bilər. Məhz bu səbəbdən şirkətin mövcud müştəriləri fəaliyyət göstərdikləri Gürcüstan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində bu xidmətlərdən yararlanmaq üçün "YIĞIM"ı sözügedən ölkələrdə də əməkdaşlıq etməyə dəvət ediblər. 2022-ci ildə şirkətin ən azı iki xarici ölkədə xidmət göstərməsi planlaşdırılır.

Vüqar Cəfərov
Dünyanı yaxşılığa doğru dəyişmək istəyi insanları həm işdə, həm də həyatda hərəkətə gətirən qüvvədir. Yeni ideyaları həyata keçirmək şövqü məni xüsusi enerji ilə qidalandırır. Mənim üçün iş yaradıcılıqdır! Prosesdən aldığınız həzz və əldə edilən nəticə ilə bağlı qürur sizi təzədən yeni hədəflərə ruhlandırır.

İnnovasiya nominasiyası

ATL Tech” işçilərin sayı və gəlirlərinə görə Azərbaycanda ən iri proqram təminatı şirkətlərindən biridir. Şirkət əlaqə mərkəzi üçün həllər və ERP (müəssisə resurslarının planlaşdırılması) proqram təminatını təqdim edir. “ATL Tech”in məqsədi şirkətlərin səmərəli və əlçatan olmasını təmin etməkdir. Gündəlik olaraq “ATL”in təqdim etdiyi proqram təminatı vasitəsilə 30-40 min telefon zəngi işlənir və idarə olunur. “ATL”in Azərbaycan dilində nitqin tanınaraq mətn şəklinə çevrilməsini mümkün edən süni intellekt laboratoriyası mövcuddur. “ATL” öz fəaliyyətini Azərbaycanın kənarlarında da genişləndirir və hazırda qonşu Gürcüstan, Böyük Britaniya və ABŞ-dakı müştərilərə xidmət göstərir. “ATL Tech” proqram təminatının işlənib hazırlanması üzrə regional liderə çevrilməyi planlaşdırır.

Rəşad Mirzəyev
Yeganə sabitlik daimi dəyişkənlikdir.

"ELAD" avtomobil sahəsində 16 ildən artıq təcrübəyə malik nəqliyyat xidmətləri göstərən şirkətidir. "ELAD" avtomobil xidmətləri bazarında məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınır. Şirkət aşağıdakı xidmətləri göstərir: sərnişin daşıma xidməti (shuttle bus service), hava limanından və hava limanına transfer xidməti, qonaqların şəhər daxilində və ölkə daxilində qarşılanması və daşınması, sürücü ilə avtomobil icarəsi, nəqliyyat vasitələrinin evakuasiyası, ofislərin köçürülməsi və sair. Şirkət həmçinin yük daşınma xidmətini də təqdim edir. Hal-hazırda "ELAD" şirkəti müştərilərin nəqliyyat xidmətləri ilə bağlı istənilən problemini həll etməyə imkan verən, müxtəlif kateqoriyalı nəqliyyat vasitələrinə malikdir.

Elxan Cəminski
Fərqli xidmətlər sahəsində çalışdığımız üçün hər bir müştəriyə fərdi yanaşırıq və müştərilərimizin məmnunluğu bizim üçün ən vacib məsələdir.

"Fortune Trade" sürtkü yağları, filterlər, müxtəlif təyinatlı mayelər və AdBlue məhsulları üzrə bir neçə dünya brendinin Azərbaycanda tədarükçüsü və rəsmi distribüteridir. Sənaye, mühərrik, transmissiya yağları, əyləc mayeləri, antifrizlər, geniş çeşiddə filter seçimi və AdBlue-lar ilə həm korporativ, həm də fərdi müştərilərin tələbatını ödəyir. Bundan əlavə, bu məhsulların online satışı üçün yaradılmış ilk platforma olan "www.oilmarket.az"ın təsisçisidir. "Fortune Trade" yaxın illərdə Azərbaycanda sürtkü yağları istehsalına başlamağı planlaşdırır və yaratdığı Azərbaycan markasını dünya bazarına tanıdaraq xaricə ixrac etməyi hədəfləyir. Bununla belə, şirkət artıq xaricdə yaranmağa başlayan müştəri portfelini daha da genişləndirməyə planlaşdırır.

Orxan Bağırlı
Sizi irəliyə aparan daxili enerjinizi hər zaman bəsləyib düzgün istiqamətə yönləndirin. O zaman daima aktiv olub yüksək nailiyyətlər əldə edəcəksiniz.

"IDEA" şirkəti 2003-cü ildən fəaliyyət göstərir və ictimai ərazilər üçün taxta və metaldan kiçik memarlıq formaların istehsalı və onların inşaat layihələrində tətbiqi ilə məşğul olur. İstehsal edilən kiçik memarlıq formalarına açıq məkanlarda istifadə edilən oturacaqlar, dirəklər, köşklər, perqolalar, dayanacaqlar və s. kimi elementlər aiddir. Hazırda şirkətin portfoliosunda artıq 500-dən çox çeşid mövcuddur. Məhsullar yüksək keyfiyyəti və uzunmüddətli zəmanəti ilə fərqlənir və Qətər, BƏƏ, Rusiya, Böyük Britaniya, eləcə də digər ölkələrə ixrac olunur. "IDEA" şirkəti MDB və Yaxın Şərq regionunda bu cür geniş çeşid sprektri təklif edə bilən yeganə şirkətdir. "IDEA"nın məqsədi dünyada öz sahəsində tanınmış brendə çevrilərək Azərbaycanı təmsil etməkdir.

İbrahim Alısoy
Əsas məqsəddir, ona nail olmaq üçün yollar tapılacaq.

"JL Tech" şirkəti "data" texnologiyaları sahəsində fəaliyyət göstərir. "JL Tech"in köməyi ilə müştərilərilər məlumatları asanlıqla emal edərək onları daha səmərəli istifadə edə bilirlər. Şirkət "Oracle"ın regionda ən iri təchizatçısıdır və onun “Qızıl tərəfdaş” və “İlin tərəfdaşı” statuslarına malikdir. Azərbaycanla yanaşı, "JL Tech"in Gürcüstan və Ukraynada nümayəndəlikləri vardır. Bundan əlavə, 2021-ci ilin yanvar ayından etibarən şirkətin nümayəndəliyi Türkiyədə də fəaliyyət göstərir və burada fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

Abdulla İsayev
Səhv etmədən müvəffəqiyyətə çatmaq, cəhd etmədən səhvə yol vermək mümkün deyil. Ona görə cəhd et, səhv et və uğura nail ol.

"Portmanat" Azərbaycanın ilk elektron pulqabı sistemidir. "Portmanat"ın əsas məqsədi insanların həyatına dəyər qatmaq və onlayn təcrübəni istifadəçilər üçün asanlaşdırmaqdır. Şirkət müştərilər üçün B2B və B2C həlləri təklif edir. "Portmanat" olduqca qısa müddətdə (təxminən 2 saat ərzində) ödəniş sistemini veb saytlara inteqrasiya etməyə imkan verən ilk platformadır. "Portmanat" müştərilərə qısamüddətli kreditlərin verilməsi xidmətini təqdim edir. "Portmanat Avans" adlı digər məhsul vasitəsilə müxtəlif şirkətlərin işçiləri əmək haqqının müəyyən hissəsini vaxtından əvvəl əldə edə bilərlər. "Portmanat" rəqəmsal banka çevrilməyi və öz ödəniş kartlarını buraxmağı planlaşdırır.

Telman Axundov
Fikrimcə, biznesin əldə etdiyi qazanc müvəqqəti olaraq ona müştərilər tərəfindən verilmiş şansdır, zaman keçdikcə biznes sahibləri onu yeni dəyərlər şəklində geriyə, cəmiyyətə qaytarmalıdır. Bunun üçün daim çalışmaq, yeni dəyərləri yaratmaq lazımdır

"Your Decor & Events" şirkəti 2018-ci ildə təsis edilib. Şirkət müştərilərinə tədbirlərin təşkili və idarə edilməsi, reklam, brendləşdirilmiş məhsullar, VIP hədiyyələr və s. kimi sahələrdə müxtəlif xidmətlər təklif edir. "Your Decor & Events" təkcə Azərbaycanda deyil, həmdə Kanada, ABŞ və Avropa ölkələrində tanınır. Şirkət dövlət əhəmiyyətli və bir sıra beynəlxalq tədbirlərin təşkilində iştirak edib. "Your Decor & Events" müştərilərinə tədbirləri düzgün təşkil etməkdə və onların həyata keçirmək istədikləri ideyaları gerçəkləşdirməkdə köməklik göstərir.

Elmar Rəhimov
Bizim işlədiyimiz adamlar müştəri deyil, dostlardır.

EY İlin İş Adamı müsabiqəsi liderlik və uğur nümayiş
etdirən şəxslər və şirkətlərin sahibkarlıq
nailiyyətlərini üzə çıxarır.


Suallarınızı bizə ünvanlandırın